MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ
Dəriyə qulluq yağı 25 ml
Dəriyə qulluq yağı 60 ml
Dəriyə qulluq yağı 125 ml
Dəriyə qulluq yağı 200 ml
TƏSVİR
Dəriyə qulluq yağının çapıq və dəri çatlarının görünüşünü yaxşılaşdırdığı kliniki olaraq sübut edilmişdir.
GÖSTƏRİŞLƏR
Çapıqlar
Yeni və köhnə çapıq izlərinin görünüşünü yaxşılaşdırmağa kömək edir.
Dəri dartılmaları
Dəri dartılmalarının görünüşünü yaxşılaşdırmağa kömək edir. Həmçinin dərinin elastikliyinin yaxşılaşmasına kömək edir, beləliklə dəridə dartılma izlərinin yaranma ehtimalını azaldır.
Qeyri-bərabər dəri tonu
Qeyri-bərabər dəri tonu görünüşünü yaxşılaşdırmağa kömək edir.
Yaşlanmış dəri
Üz və bədəndə yaşlanan dəri görünüşünü yaxşılaşdırmağa kömək edir.
Dehidratlaşmış dəri
Nəm itkisini azaltmağa kömək edir və qurumuş dərinin görünüşünü yaxşılaşdırır.
TƏQDİMAT
Narıncı/çəhrayı rəngli yağ.
İNQREDİYENTLƏR
Paraffinum Liquidum, Triisononanoin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Retinyl Palmitate, Helianthus Annuus Seed Oil, Tocopheryl Acetate, Anthemis Nobilis Flower Oil, Lavandula Angustifolia Oil, Rosmarinus Officinalis Leaf Oil, Calendula Officinalis Extract, Glycine Soja Oil, Bisabolol, Tocopherol, Parfum, Alpha-Isomethyl Ionone, Amyl Cinnamal, Benzyl Salicylate, Citronellol, Coumarin, Eugenol, Farnesol, Geraniol, Hydroxycitronellal, Limonene, Linalool, CI 26100.
ÇAPIQ İZİ KLİNİK SINAĞI
Sınaq mərkəzi
proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının çapıq izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 36 qadın iştirakçı. Çapıqların yaşı: yeni yaranmış çapıqdan 3 illik çapığa qədər. Çapıq yerləri: qarın, ayaq, qol, boyun, diz, gövdə, bədənin yuxarı hissəsi. İştirakçıların yaşı: 18-65.
Metodologiya
Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, təsadüfi ardıcıllıqla həyata keçirilmiş və plasebo nəzarətli tədqiqat. İştirakçılarda bir-birinə uyğun gələn və ya çapıqlara yarıbayarı tətbiq etməyə və iştirakçılararası müqayisə aparmağa imkan verən kifayət qədər böyük çapıqlar var idi. Məhsul 8 həftə ərzində gündə iki dəfə tətbiq olunmuş, hədəf nahiyə əlavə masaj edilməmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Qiymətləndirmələr 0, 2, 4 və 8-ci həftələrdə aparılmışdır. Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalasında (POSAS) müəyyən edilmiş müxtəlif çapıq parametrləri qiymətləndirilmişdir.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı çapıq izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra (15-ci gün) iştirakçıların 66%-də statistik əhəmiyyətli nəticə müşahidə edilmişdir. 8 həftə sonra (57-ci gün) iştirakçıların 92%-i yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə demək olar ki, üç dəfə daha yüksək olmuşdur. Tədqiqat müddətində POSAS-da davamlı yaxşılaşma.
SIZANAQ ÇAPIĞI TƏDQİQATI
Sınaq mərkəzi
Pekin Universiteti Birinci Xəstəxanası, Dermatologiya Şöbəsi, Pekin, Çin.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının Çin mənşəli iştirakçıların üzündə sızanaq izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək üçün araşdırma tədqiqatı.
Nümunə
İştirakçılar: Üzündə yeni əmələ gələn sızanaq çapıqları (<1 il) olan 44 Çin mənşəli iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı müalicə qrupu 32 iştirakçıdan, müalicə olunmayan qrup isə 12 iştirakçıdan ibarət idi. İştirakçıların yaşı: 14-30.
Metodologiya
Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 10 həftə ərzində gündə iki dəfə tətbiq edilmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. 0, 4, 8 və 10-cu həftələrdə aparılmış qiymətləndirmələrə aşağıdakılar daxil olmuşdur: Qlobal çapıqlanma balının (GSS) tədqiqatçı tərəfindən qiymətləndirilməsi, akne çapıqlarının rənginin/qırmızılığının xromometr ilə ölçülməsi, sebum səviyyələrinin sebumetr ilə ölçülməsi, komedonların və iltihablı lezionların sayının dermatoloq tərəfindən sənədləşdirilməsi. Bundan əlavə, iştirakçılar hər ziyarətdə özünüqiymətləndirmə anketi doldurmuşlar.
Nəticə
Klinik dərəcələndirmənin ən yaxşı nəticəsi Bio‑Oil® Dəriyə qulluq yağınının makulyar (yastı) sızanaq çapıqlarında eritema və ya qızartıların görünüşünü yaxşılaşdırması və ümumilikdə dərini daha parlaq etməsi olmuşdur. Özünüqiymətləndirmə sorğusunun nəticələrinə görə, iştirakçıların 84%-dən çoxunda sızanaq çapıqlarının ümumi vəziyyətində yaxşılaşma, 90%-dən çoxunda isə çapıq rəngində yaxşılaşma müşahidə edilmişdir. Sızanaq sayının hesablanması və sebum ölçmələrinin nəticələri Bio‑Oil® Dəriyə qulluq yağından istifadənin sızanağa səbəb olmadığını və ya onu ağırlaşdırmadığını, yaxud da sebum ifrazını artırmadığını göstərmişdir.
DƏRİ DARTILMALARININ KLİNİK SINAĞI
Sınaq mərkəzi
proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının dəri dartılmalarının görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 38 qadın iştirakçı. Dəri dartılmalarının səbəbləri: müxtəlif (hamiləlikdən sonra, çəki artımı və ya yeniyetmələrdə sürətlə böyümə). Dəri dartılmalarının yerləri: qarın, qollar, budlar. İştirakçıların yaşı: 18-65.
Metodologiya
Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, təsadüfi ardıcıllıqla həyata keçirilmiş və plasebo nəzarətli tədqiqat. İştirakçılarda bir-birinə uyğun gələn və ya dəri dartılmalarına yarıbayarı tətbiq etməyə və iştirakçılararası müqayisə aparmağa imkan verən kifayət qədər böyük dəri dartılmaları var idi. Məhsul 8 həftə ərzində gündə iki dəfə tətbiq olunmuş, hədəf nahiyə əlavə masaj edilməmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Qiymətləndirmələr 0, 2, 4 və 8-ci həftələrdə aparılmışdır. Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalasında (POSAS) müəyyən edilmiş müxtəlif çapıq parametrləri qiymətləndirilmişdir.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı dəri dartılmalarının görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra (15-ci gün) iştirakçıların 95%-də statistik əhəmiyyətli nəticə müşahidə edilmişdir. 8 həftə sonra (57-ci gün) iştirakçıların 100%-i yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə iki dəfə daha yüksək olmuşdur. Tədqiqat müddətində POSAS-da davamlı yaxşılaşma.
QEYRİ-BƏRABƏR DƏRİ TONU KLİNİK SINAĞI
Sınaq mərkəzi
Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının üz və boyun nahiyəsində dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı müalicə qrupu 35 iştirakçıdan, müalicə olunmayan qrup isə 32 iştirakçıdan ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70.
Metodologiya
Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. İştirakçılar ayrı-ayrılıqda üz və boyunda qeyri-bərabər dəri tonu və ləkəli piqmentasiya üzrə klinik olaraq dərəcələndirilmişlər.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı fotozədələnməyə məruz qalmış (yaşlanmış) dəridə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivdir. 4 həftə sonra həm üz, həm də boynun hər iki parametri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı üzrə müalicə qrupundakı iştirakçıların 86%-də üzdə qeyri-bərabər dəri tonu, 71%-də üzdə ləkəli piqmentasiya, 69%-də boyunda qeyri-bərabər dəri tonu və 60%-də boyunda ləkəli piqmentasiya üzrə statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.
YAŞLANAN DƏRİ KLİNİK SINAĞI
Sınaq mərkəzi
Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları.
1-ci tədqiqat: Üz və boyun
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının üz və boyun nahiyəsinin dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı müalicə qrupu 35 iştirakçıdan, müalicə olunmayan qrup isə 32 iştirakçıdan ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70.
Metodologiya
Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. İştirakçılar ayrı-ayrılıqda üz və boyun üzrə aşağıdakı effektivlik parametrlərinə əsasən klinik olaraq dərəcələndirilmişdir: ümumi görünüş, yüngül qırışlar, sərt qırışlar, ləkəli piqmentasiya, qeyri-bərabər dəri tonu, vizual kələ-kötürlük/hamarlıq, taktil kələ-kötürlük/hamarlıq, vizual möhkəmlik və aydınlıq (tutqunluq).
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı üz və boyun nahiyəsində fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 8 həftə sonra bütün klinik dərəcələndirilmiş effektivlik parametrləri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı üzrə müalicə qrupundakı iştirakçıların 94%-də üzün ümumi görünüşündə, 80%-də isə boynun ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.
2-ci tədqiqat: Bədən
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının dekolte bölgəsində, baldır və qollarda dərisi yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boyun nahiyəsində klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Dəriyə qulluq yağı müalicə qrupu 35 iştirakçıdan, müalicə olunmayan qrup isə 32 iştirakçıdan ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70.
Metodologiya
Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. İştirakçılar ilkin skrininq qiymətləndirməsində iştirak etmiş, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə dekolte bölgəsinə, baldır və qollara tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. İştirakçılar aşağıdakı effektivlik parametrlərinə əsasən ayrı-ayrılıqda dekolte, baldır və qollar üzrə klinik olaraq dərəcələndirilmişdir: ümumi görünüş, qırışıq tekstura, quruluq/qabıqlanma, vizual kələ-kötürlük/hamarlıq və taktil kələ-kötürlük/hamarlıq.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı fotozədələnməyə məruz qalmış (yaşlanmış) bədən dərisinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 4 həftə sonra bütün klinik dərəcələndirilmiş effektivlik parametrləri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Dəriyə qulluq yağı üzrə müalicə qrupundakı iştirakçıların 89%-də dekolte bölgəsi, baldır və qolların ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir.
QURUMUŞ DƏRİ KLİNİK SINAĞI
Sınaq mərkəzi
Cənubi Afrika Tibb Universitetinin Fotobiologiya Laboratoriyası.
1-ci tədqiqat: Dərinin buynuz qatının nəmlənmə və baryer funksiyası
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının bir dəfə tətbiq edilməsinin buynuz qatının nəmlənməsinə və baryer funksiyasına təsirini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 40 qadın iştirakçı. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçıların yaşı: 25-65.
Metodologiya
Əsas ölçmə olaraq dəri hidratasiyasının korneometr ilə qiymətləndirilməsi, ikinci dərəcəli ölçmə olaraq baryer funksiyasının vapometr ilə qiymətləndirilməsi. İştirakçılar ölçmələr aparılmadan 2 saat əvvəl dərinin qurumasına səbəb olmaq üçün bazuönü nahiyələrini sabunla yumuşlar. İlkin instrumental ölçmələr aparılmışdır. Sonra Bio‑Oil® Dəriyə qulluq yağı və etalon yağ bütün iştirakçıların bazu önü hissəsinin ayrı-ayrı nahiyələrinə ovuc tərəfdən tətbiq edilmişdir. Ölçmələr məhsulun tətbiq edilməsindən dərhal sonra, həmçinin 2 saat sonra, məhsul silinməzdən əvvəl və sonra yenidən aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində ölçülmüşdür.
Nəticə
Tətbiqdən dərhal sonra hər iki yağ müalicə olunmayan nəzarət qrupu ilə müqayisədə transepidermal su itkisini (TESİ) azaltmışdır. Yağları dərinin səthindən silməzdən 2 saat əvvəlki zaman nöqtəsində dərinin elektrik tutumu dəyərlərinin artması hər iki yağın tətbiqi nəticəsində dəri nəmlənməsinin artdığını göstərir. İki saat sonra, yağlar dərinin səthindən silindikdən sonra, Bio‑Oil® Dəriyə qulluq yağı etalon yağı ilə müqayisədə TESİ dəyərlərində əlavə artım göstərdi, bu da nəm ifrazının artdığını və beləliklə, dərinin nəmliyinin artdığını göstərir.
2-ci tədqiqat: Quru dəri görünüşü
Məqsəd
Quru dərini nəmləndirmək və aradan qaldırmaq üçün Bio‑Oil® Dəriyə qulluq yağının gündə iki dəfə tətbiqinin təsirini qiymətləndirmək.
Nümunə
İştirakçılar: Baldırların aşağı hissəsində klinik olaraq quru/çox quru, qabıqlanan dəri müşahidə olunan 25 qadın iştirakçı. Sınaq nahiyəsi: sınaq məhsulları bütün iştirakçıların baldırlarının xarici nahiyəsinə tətbiq edilmişdir. İştirakçıların yaşı: 25-65.
Metodologiya
Dərinin qurumasına səbəb olmaq üçün 7 gün ərzində sabun istifadə edilmişdir. Bio‑Oil® Dəriyə qulluq yağı və etalon yağ gündə iki dəfə tətbiq olunmuşdur. Dərinin qiymətləndirilməsi 1 və 3-cü günlərdə aparılmışdır. Vizual qiymətləndirmələr təlim keçmiş vizual qiymətləndirici tərəfindən 2 qat böyüdücü lampadan istifadə edilərək aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində qiymətləndirilmişdir.
Nəticə
Həm Bio‑Oil® Dəriyə qulluq yağı, həm də etalon yağ müalicə olunmayan nəzarət qrupu ilə müqayisədə dəri quruluğunu yaxşılaşdırmışdır. Bio‑Oil® Dəriyə qulluq yağı 3-cü gün statistik baxımdan üstün nəticələr vermişdir. Bio‑Oil® Dəriyə qulluq yağı lə müalicə olunan dəri sahələrinin vizual görünüşünün əhəmiyyətli dərəcədə yaxşılaşması onun quru dərini aradan qaldırmaqda effektivliyini təsdiqləmişdir.
Kombinə Edilmiş Tədqiqat Nəticəsi
2-ci tədqiqatda Bio‑Oil® Dəriyə qulluq yağı ilə müalicə olunan quru dərinin vizual görünüşündəki əhəmiyyətli yaxşılaşma onun quru və nəmsiz dərini aradan qaldırmaqda effektiv olduğunu təsdiqləyir. Bu hər iki tədqiqatda buynuz qatının baryer funksiyasında və dərinin nəmlik həcmində qeydə alınan yaxşılaşmalar ilə də dəstəklənir.
HƏSSAS DƏRİ TESTİ
Sınaq mərkəzi
Complife Italia S.r.l, Italiya.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək.
Nümunə
İştirakçılar: 25 iştirakçı; 19 qadın və 6 kişi, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-70.
Metodologiya
Randomizə olunmuş və nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Dəriyə qulluq yağının tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların əllərinin arxa hissəsinə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada 0 eritema, şiş və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, 4 isə ciddi eritema və şiş olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş şiş əlamətlərinin göstəricisidir).
Nəticə
Dərinin Bio‑Oil® Dəriyə qulluq yağına qarşı dözümlülüyü “qıcıqlanma yaratmayan” olaraq qiymətləndirilmişdir.
QEYRİ-KOMEDOGENLİK TESTİ
Sınaq mərkəzi
Complife Italia S.r.l, Italiya.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının sızanaq və komedonlara (civzələrə) səbəb olub-olmadığını test etmək.
Nümunə
İştirakçılar: 20 iştirakçı; Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə və sızanağa meyilli dəriyə malik 14 qadın və 6 kişi. İştirakçıların yaşı: 18-65.
Metodologiya
Randomizə olunmuş və nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə, mənfi nəzarət (demineralizə olunmuş su), sınaq məhsulu (Bio‑Oil® Dəriyə qulluq yağı) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağının komedogen olmadığı aşkar edilmişdir. Bio‑Oil® Dəriyə qulluq yağının tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.
ABSORBSİYA (SORULMA) TƏDQİQATI
Sınaq mərkəzi
proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya.
1-ci tədqiqat: Təlim keçmiş qiymətləndiricilər
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının standart tətbiqindən və hopdurulmasından sonra sorulma sürətini qiymətləndirmək.
Nümunə
İştirakçılar: 22 təlim keçmiş qiymətləndirici; 21 qadın və 1 kişi. Sınaq nahiyəsi: sınaq məhsulları bütün qiymətləndiricilərin bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçıların yaşı: 18-70.
Metodologiya
Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və nəzarətli tədqiqat. Bio‑Oil® Dəriyə qulluq yağı və etalon yağ qiymətləndiricilərin bazu önü hissələrində təyin olunmuş sınaq sahələrinə ovuc tərəfdən tətbiq edilmişdir. Qiymətləndiricilər müəyyən edilmiş sürətdə 100 dövri hərəkət yerinə yetirmişlər. Daha sonra qiymətləndiricilər məhsulların sorulmasını “çox yavaş sorulur” ilə “çox tez sorulur” arasında 5 ballıq şkalada qiymətləndirmişlər. Dəridəki yağ miqdarını qiymətləndirmək üçün iki zaman nöqtəsində sebumetr ölçmələri aparılmışdır: məhsulun tətbiqindən əvvəl və tətbiqdən 2 dəqiqə sonra.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağının dəriyə sorulması təlim keçmiş qiymətləndiricilərin əksəriyyəti (77.3%) tərəfindən “çox tez” və ya “tez” olaraq qiymətləndirilmişdir. Bu, ikinci zaman nöqtəsində sebumetr vasitəsilə instrumental ölçmə yolu ilə təsdiqlənmişdir. Ölçmə dəridə qalan Bio‑Oil® Dəriyə qulluq yağı miqdarının etalon yağ ilə müqayisədə xeyli aşağı olduğunu göstərmişdir.
2-ci tədqiqat: İstehlakçı paneli
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının standart tətbiqindən və hopdurulmasından sonra sorulma sürətini qiymətləndirmək.
Nümunə
İştirakçılar: 100 iştirakçı; 97 qadın və 3 kişi. Sınaq nahiyəsi: sınaq məhsulu bütün iştirakçıların bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçıların yaşı: 18-70.
Metodologiya
Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və nəzarətli tədqiqat. Bio‑Oil® Dəriyə qulluq yağı və etalon yağ iştirakçıların bazu önü hissələrində təyin olunmuş sınaq sahələrinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçılar hər birini bir dəqiqə sürtməklə sınaq məhsulunu tətbiq etmişlər. Daha sonra iştirakçılar məhsulların sorulmasını “çox yavaş sorulur” ilə “çox tez sorulur” arasında 5 ballıq şkalada qiymətləndirmişlər.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağının dəriyə sorulması iştirakçıların əksəriyyəti (72%) tərəfindən “çox tez” və ya “tez” kimi qiymətləndirilmişdir.
OKKLÜZİVLİK SINAĞI
Sınaq mərkəzi
Sınaq prof. dr. C. Viçers tərəfindən İtaliyanın Milan şəhərində Rigano laboratoriyalarında aparılıb.
Məqsəd
Bio‑Oil® Dəriyə qulluq yağının verniks kazeozanın okklüzivlik səviyyəsinə bənzər okklüzivlik səviyyəsi göstərib-göstərmədiyini qiymətləndirmək. Verniks kazeoza ideal okklüzivlik səviyyəsinə görə alim-kosmetoloqlar tərəfindən dəri nəmləndirməsində “qızıl standart” kimi qəbul edilir.
Metodologiya
Məlum miqdarda su insan dərisinin səth xüsusiyyətlərini təqlid edən Vitro-Skin™ adlı yarımkeçirici membranla örtülü laboratoriya şüşələrinə yerləşdirilmişdir. Membrana bərabər miqdarda verniks kazeoza və Bio‑Oil® Dəriyə qulluq yağı tətbiq edilmiş və zamanla laboratoriya şüşəsindən su itkisinin sürəti ölçülmüşdür. Bu, membranda hər hansı bir məhsul olmadan su itkisinin sürəti ilə müqayisə edilmişdir. Hər bir məhsul üçün su buxarının ötürülmə sürəti hesablanmış və q/m²/saat ilə ifadə edilmişdir.
Nəticə
Bio‑Oil® Dəriyə qulluq yağı verniks kazeoza ilə çox oxşar okklüzivlik səviyyəsi nümayiş etdirmiş, verniks kazeozanın 27,2 göstəricisi ilə müqayisədə 23,5 göstəricisi qeydə alınmışdır.
TƏTBİQİ
Necə tətbiq etməli
Bio‑Oil® Dəriyə qulluq yağı tamamilə sorulana qədər üzə və ya bədənə dairəvi masaj hərkətlərilə hopdurulmalıdır. Məhsulun gündə iki dəfə, minimum üç ay ərzində tətbiq edilməsi tövsiyə olunur. Bio‑Oil® Dəriyə qulluq yağı açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulmuşdur. Səthdəki dəri tam sağaldıqdan sonra çapıq üzərində istifadə etmək təhlükəsizdir. Nəticələr fərddən fərdə dəyişə bilər. Gözlərlə təmasa yol verməyin. Məhsul gözə düşərsə, su ilə yaxşıca yuyun. Uşaqların əli çatmayan yerdə saxlayın.
İstifadə müddəti
Bio‑Oil® Dəriyə qulluq yağının müxtəlif klinik sınaqları 8 həftəlik və 12 həftəlik dövrlərdə həyata keçirilmişdir, bu da məhsulun effektivliyinin zamanla qiymətləndirilməsinə imkan vermişdir. Statistik təhlil dərinin görünüşünün cəmi iki həftə sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını və bu yaxşılaşmanın sınaqların keçirildiyi müddət ərzində davam etdiyini və ya daha da artdığını göstərir. Bununla belə, Bio‑Oil® Dəriyə qulluq yağı davamlı olaraq istifadə edilə bilər.
Gündəlik dəriyə qulluq rejimi ilə birlikdə istifadəsi
Maksimum sorulma üçün Bio‑Oil® Dəriyə qulluq yağı təmizlənmiş dəriyə tətbiq edilməlidir. Bio‑Oil® Dəriyə qulluq yağını digər məhsullarla qarışdıraraq “daha uzun müddət istifadə etmək” onun effektivliyinə mənfi təsir edə bilər. Nəmləndirici, günəşdən qoruyucu losyon və ya başqa üz kremi istifadə edirsinizsə, bunu yalnız Bio‑Oil® Dəriyə qulluq yağı tamamilə dəriyə hopduqdan sonra edin. Bütün bədənə tətbiq etmək üçün, Bio‑Oil® Dəriyə qulluq yağını duş və ya vanna qəbul etdikdən sonra tətbiq edin.
Hamiləlik zamanı istifadəsi
Hamiləlik çatları bədənin hər hansı bir yerində yarana bilər, lakin ən çox qarında, budlarda, ombada, belin aşağı hissəsində, ombalarda və döşlərdə yaranma ehtimalı daha yüksəkdir. Hamiləliklə bağlı dəri dartılmalarının qarşısını almaq üçün Bio‑Oil® Dəriyə qulluq yağını bu sahələrə gündə iki dəfə, birinci trimestrin başlanğıcından doğuşdan sonrakı dövrə qədər tətbiq etmək tövsiyə olunur. Bio‑Oil® Dəriyə qulluq yağının müntəzəm tətbiqi həmçinin pruritis gravidarum ilə əlaqədar olan qaşıntılı və qurumuş dəri üçün də aktiv rahatlama təmin edəcəkdir. Hamiləlik dövründə baş verən hormonal dəyişikliklər nəticəsində yaranan qeyri-bərabər dəri tonu üçün də istifadə edilə bilər.
Vitamin A və hamiləlik
Qadınlara adətən hamiləlik dövründə A vitaminli qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Dəriyə tətbiq edilən hər hansı maddə yalnız toksikoloji həddi aşan səviyyələrdə zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Bio‑Oil® Dəriyə qulluq yağı formulunda mövcud olan A vitamininin səviyyəsi bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır və hamiləlik dövrü boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər. Aşağı səviyyədə A vitamini ehtiva edən Bio‑Oil® Dəriyə qulluq yağı hamilə qadınları hər hansı təhlükəsizlik riski olmadan A vitamininin faydaları ilə təmin edir.
Rozmarin yağı və hamiləlik
Yüksək konsentrasiyada rozmarin yağının hamiləliyi poza bildiyi aşkarlanmışdır, yəni menstruasiyanı təşviq edə və ehtimal ki, erkən doğuşa səbəb ola bilər. Buna görə də rozmarin yağını yüksək konsentrasiyada istifadə edən aromaterapevtlər və herbalistlər onun hamiləlik dövründə istifadə edilməməsini tövsiyə edirlər. Lakin Bio‑Oil® Dəriyə qulluq yağında rozmarin yağının konsentrasiyası çox aşağıdır və buna görə də hamiləlik dövründə istifadəsi təhlükəsizdir.
Laktasiya dövründə istifadəsi
Ana südü ilə qidalandırma zamanı Bio‑Oil® Dəriyə qulluq yağının bədəndə istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Dəriyə qulluq yağını çox kiçik miqdarda belə udmamalıdırlar.
Körpə və uşaqlarda istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağının üç yaşdan kiçik uşaqlar üzərində istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur. Məhsul uşaqlara ehtiyatla tətbiq edilməli və göz və ya ağız yaxınlığında istifadə edilməməlidir.
Günəşdə istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı üzərində aparılan sınaqlar məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir.
Selikli qişa üzərində və ya yaxınlığında istifadə
Bio‑Oil® Dəriyə qulluq yağı selikli qişalarla təmas istisna olmaqla, bütün istifadələr üçün təhlükəsiz kimi təsnif edilmişdir.
Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı kosmetika məhsuludur. Radio və ya kimyaterapiya alan insanlara məhsulu istifadə etməzdən əvvəl həkim məsləhəti almaq məsləhət görülür.
Farmokoloji məhsullarla birlikdə istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı kosmetika məhsuludur. Məhsulun farmokoloji məhsullar ilə eyni vaxtda istifadəsi ilə bağlı məsləhət almaq üçün həkimə müraciət etmək daha yaxşıdır.
Həssas dəri üzərində istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-65 yaş arası 25 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir iştirakçıda formulaya qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb.
Yağlı dəri üzərində istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı yağlı dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Dəriyə qulluq yağının komedogen olmadığı aşkar edilmişdir.
Akneyə meyilli dəri üzərində istifadəsi
Bio‑Oil® Dəriyə qulluq yağı sızanağa meyilli dəriyə tətbiq edilə bilər. Sızanağa meyilli dəriyə malik 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaq zamanı Bio‑Oil® Dəriyə qulluq yağının komedogen olmadığı aşkar edilmişdir. Üzündə yeni yaranmış sızanaq çapıqları olan, yaşı 14-30 arası 44 iştirakçı üzərində aparılan sızanaq tədqiqatında sızanaq sayının hesablanması və sebum ölçmələrinin nəticələri Bio‑Oil® Dəriyə qulluq yağından istifadənin sızanağa səbəb olmadığını və ya onu ağırlaşdırmadığını, yaxud da sebum ifrazını artırmadığını göstərmişdir. Bununla belə, sızanaq problemləri olan insanların Bio‑Oil® Dəriyə qulluq yağını istifadə etmədən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.
ÇAPIĞIN FORMALAŞMASI
Çapıq dərinin zədələnməsindən sonra sağalma prosesinin təbii hissəsi kimi meydana gələn kollagenin böyüməsidir. Kollagen bədənin birləşdirici toxumasının əsas komponentini təşkil edən təbii olaraq meydana gələn zülallardan ibarətdir. Dərinin zədələnməsi halında, orqanizm təsirə məruz qalmış sahəni mümkün qədər tez bərpa etməyə çalışır, məqsəd tam sağalmaq deyil, sağ qalmaqdır. Zədəyə cavab olaraq kollagenin sürətlə həddindən artıq istehsalı çapıqların yaranmasına səbəb olur. Çapıq yetkinləşdikcə bir çox dəyişikliklərə məruz qalsa da, heç vaxt ətrafındakı dərinin normal gücünə çata bilmir. Çapıq yerindəki tük follikulları və tər vəziləri yenidən yaranmır. Çapığın formalaşması aşağıdakı dörd mərhələdən ibarətdir:
Hemostatik mərhələ
Bu, zədə baş verdiyi anda başlayır və bir neçə saat davam edir, çünki zədələnmiş sahə qan axmasına nəzarət etmək üçün qan damarlarını daraldaraq normal vəziyyətini bərpa etməyə çalışır. Zədələnmiş hüceyrələr eyni zamanda qanın laxtalanmasını aktivləşdirmək üçün müəyyən zülallar ifraz edir, beləliklə zədələnmiş damarları tıxayaraq qan itkisini azaldır.
İltihabi mərhələ
İlk travmadan üç və ya dörd gün sonra yaranan qızartı və şiş immun reaksiyanın vizual göstəricisidir. Ağ qan hüceyrələri yaranı çirk və bakteriyalardan təmizləmək üçün kimyəvi maddələr buraxır.
Proliferativ mərhələ
Bu, təxminən üçüncü gündən başlayır və təqribən üç həftə davam edir. Bu mərhələdə yaranın bağlanması və bitişməsi üçün eyni vaxtda üç fərqli proses baş verir: Qranulasiya: fibroblastlar (kollagen sintezindən məsul hüceyrələr) yaranı dolduracaq kollageni tez bir zamanda istehsal etmək üçün yara yerində çoxalırlar. Epiteliallaşma: yaranı örtmək üçün dəri qatı yaranır. Yaranın daralması: qüsuru minimuma endirmək üçün yara bir yerə yığılır.
Yetişmə mərhələsi
Bu “yenidən modelləşdirmə” mərhələsi təxminən üç həftə sonra başlayır və yaranın ölçüsündən və dərinliyindən asılı olaraq iki ilə qədər davam edə bilər. Bu müddət ərzində liflər zədələnmə sahəsinin məruz qaldığı stresin təsirilə yenidən düzüldükcə, çapığın yekun formasını müəyyən edən kollagenin formalaşması davam edir. Çapıq yaranın yerini örtüb qorusa da, asanlıqla zədələnə bilər. Çapıq toxuması adətən normal dərinin dartılma gücünün 70%-ini nümayiş etdirir.
ÇAPIQLARIN NÖVLƏRİ
İnsanların fərqli şəkildə sağalması səbəbilə, çapığın son görünüşü hər bir insanda fərqli olur. Dəri növü, çapığın yeri, zədələnmənin növü, şəxsin yaşı və hətta qidalanma vəziyyəti kimi faktorlar çapığın necə görünəcəyini müəyyən etməkdə rol oynayır. Çapıq növlərini aşağıdakı kateqoriyalara bölmək olar:
Adi çapıqlar
Bu çapıqlar əvvəlcə iltihablı və tünd görünür, lakin vaxt keçdikcə yastılaşır və daha az nəzərə çarpır, nəticədə incə çapıq xətləri əmələ gəlir.
Atrofik çapıqlar
Bu çapıqlar dərinin səthi altında çöküntülər və çuxurlar yaradır. Məsələn, sızanaq və ya suçiçəyi nəticəsində yaranan çapıqlar.
Hipertrofik çapıqlar
Bu çapıqlar dərinin səthindən yuxarı qalxır. Onlar həddindən artıq miqdarda kollagen ilə xarakterizə olunur, lakin həmişə ilkin yaranın sərhədləri daxilində qalırlar.
Keloid çapıqlar
Keloid çapıqlar hipertrofik çapıqlarla qarışdırılmamalıdır. Keloidlər də qabarıq/yuxarı qalxmış çapıqlar olsa da, ilkin yaranın hüdudlarından kənara yayılmaları ilə xarakterizə olunur. Onlar vaxt keçdikcə böyüməyə davam edə bilərlər və kəsildikdən sonra adətən təkrar formalaşırlar.
Çapıq kontrakturaları
Dərinin davamlı olaraq daralması zamanı kontraktura çapığı yaranır. Bunlar çox vaxt çapıqlar oynaqları və ya dəri qırışlarını düz bucaq altında keçdikdə əmələ gəlir. Çapıq toxuması dartıla bilmir və normal hərəkətə maneə törədə bilir. Çapıq kontrakturaları çox vaxt yanıq xəsarətlərindən sonra baş verir.
Dəri çatları (Striyalar)
Dəri dartılmaları çox vaxt bədən çəkisinin sürətlə dəyişməsi (məsələn, yeniyetmələrdə sürətlə böyümə, hamiləlik) zamanı bədənin onu əhatə edən dəridən daha sürətlə genişlənərək dəri toxumasında daxili yırtıqlara səbəb olması nəticəsində yaranır. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi bilinən çapıqlar əmələ gətirir.
DƏRİ ÇATLARININ FORMALAŞMASI
Tibbi nöqteyi-nəzərdən dəri çatları, yaxud striya, sadəcə çapığın başqa bir formasıdır, lakin çox insan onları çapıqlardan fərqli olaraq qəbul edir. Striyalar dərinin sürətlə genişlənməsi dövrlərində, məsələn hamilə qadınlarda, bədən tərbiyəsi ilə məşğul olan insanlarda və yeniyetmələrdə sürətlə böyümə dövründə dərinin üzərində yaranan xətlərdir. Onlar adlarından göründüyü kimi, dartılma səbəbindən yaranır. Açıq dəri rənginə malik insanlarda adətən çəhrayı rəngli, tünd dərili insanlarda isə ətraf dəridən daha açıq rəngli dartılma izləri müşahidə olunur. Dəri təbii olaraq elastikdir. Bu elastiklik dəri toxumasının əsasını təşkil edən dermisdə olan kollagen və elastin tərəfindən təmin olunur. Kollagen bir qrup təbii formalaşan zülaldan ibarətdir və bədənin birləşdirici toxumasının əsas komponentidir. Təbii formalaşan zülallardan ibarət olan elastin də birləşdirici toxumada mövcud olur və onun elastiklik xüsusiyyətlərini təmin edir. Bu birləşdirici toxuma dermisin genişlənməsi və sıxılması yolu ilə bədənin davamlı hərəkətinə uyğunlaşmasına imkan verir, lakin sürətli çəki artımı zamanı uyğunlaşmaq üçün kifayət qədər vaxt olmaya bilər, bu da dəri toxumasında daxili yırtıqlara səbəb olur. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi tanınan çapıqlar əmələ gətirir. Faydalı analoq kimi yayın dartılmasını qeyd edilə bilər. Yayı onun təbii elastik limiti kimi tanınan müəyyən diapazonda dartıb uzatsanız, o təkrar-təkrar ilkin ölçüsünə qayıdacaq. Lakin, yayın təbii elastik limitini aşsanız, o daimi dartılmış vəziyyətdə qalacaq və ilkin ölçüsünə qayıtmayacaq. Dəri çatları əhəmiyyətli tibbi problem olmasa da, onların yarandığı insanlarda emosional narahatlığa səbəb ola bilər. Onların yaranması ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəmlənmə səviyyəsindən asılı olaraq dəyişir. Dəri dartılmasının formalaşma mərhələləri aşağıdakılardır:
Birinci mərhələ
Erkən dəri dartılmaları solğun rəngdə olur və qaşınma ilə müşayiət oluna bilər. Həmçinin dəri dartılmalarının birbaşa ətrafındakı dəri “yastı” və “nazik” görünə bilər.
İkinci mərhələ
Tədricən dəri dartılmalarının uzunluğu və eni artır, rəngi tündləşir və daha qabarıq olur.
Üçüncü mərhələ
Dəri dartılmaları yetkinləşdikdə və dəri artıq gərginlik altında olmadıqda, solmağa və solğunlaşmağa başlayırlar. Onlar həmçinin bir qədər çökək və qeyri-müəyyən formada və uzunluqda ola bilər.
HAMILƏLİK ZAMANI DƏRİ ÇATLARININ FORMALAŞMASI
Təxmini hesablamalara görə, hamilə qadınların 50%-dən 90%-ə qədəri dəri çatlarına meyillidir. Hamiləlik zamanı bədən dəyişdikcə dəri çatları dərinin ən çox dartıldığı yerlər olan qarın, bədən, bel, belin aşağı hissəsi, omba və döşlər kimi nahiyələrdə yarana bilər. Onlar bədənin hər hansı bir yerində yarana bilsə də, əsasən böyük miqdarda yağın toplanıldığı yerlərdə yaranması ehtimalı daha yüksəkdir. Dəri çatları adətən hamiləliyin son trimestrində (təxminən altıncı və ya yeddinci ayda) nəzərə çarpsa da, bəzi qadınlarda birinci trimestrdə görünməyə başlayır. Hamiləlik zamanı dəri çatları həmçinin hormon səviyyələrinin artması ilə dərinin doğuşa hazırlaşması nəticəsində də yarana bilər. Bu hormonlar dəriyə daha çox su çəkərək kollagen lifləri arasındakı bağları zəiflədir. Bu, dərinin dartılarkən yırtılmasını və dəri çatlarının əmələ gəlməsini asanlaşdırır. Dəri dartılmalarının yaranma ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəm səviyyəsindən asılı olaraq dəyişir.
TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ
Bio‑Oil® Dəriyə qulluq yağı ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.
MƏNFI REAKSİYALAR
Bio‑Oil® Dəriyə qulluq yağı təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullar kimi, Bio‑Oil® Dəriyə qulluq yağı istifadəcilərinin də məhsuldan istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Dəriyə qulluq yağının tətbiqi zamanı potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhət görülür. Bunun üçün az miqdarda məhsulu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (qızartı) və ya yüngül şişməsi (şiş) allergik reaksiya potensialını göstərə bilər.
ALLERGENLƏR
Əksər allergenlər kimi bunlar da bitki yağlarında və ətirdə mövcuddur. Onlar aşağıdakılardır: Alfa-izometil ionon, amil sinnamal, benzil salisilat, sitronellol, kumarin, evgenol, farnesol, qeraniol, hidroksisitronellal, limonen və linalool.
TƏSADÜFİ UDULMA
Bio‑Oil® Dəriyə qulluq yağı təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən udularsa, həkimə müraciət etmək tövsiyə olunur.
AÇILDIQDAN SONRA İSTİFADƏ MÜDDƏTİ (PAO)
Bio‑Oil® Dəriyə qulluq yağının açıldıqdan sonrakı istifadə müddəti 36 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.
İSTEHSAL
Bio‑Oil® Dəriyə qulluq yağının istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Dəriyə qulluq yağının istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Dəriyə qulluq yağı partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, şəffaflıq, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə altı il saxlanılır. Bio‑Oil® Dəriyə qulluq yağının doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi şüşə, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal partiyasından götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır.
SAXLAMA TƏLİMATLARI
Bio‑Oil® Dəriyə qulluq yağı birbaşa günəş işığından uzaq, sərin yerdə saxlanılmalıdır.
TƏKRAR EMAL
Bütün Bio‑Oil® Dəriyə qulluq yağı qablaşdırma materialları (şüşə, tıxac, qapaq və karton) təkrar emala yararlıdır.
SERTİFİKATLAR
Bio‑Oil® Dəriyə qulluq yağı halal və koşer sertifikatlarına malikdir.
HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏYİB
Bio‑Oil® Dəriyə qulluq yağı və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində sınaqların aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Dəriyə qulluq yağı və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilməmişdir.
VEQAN
Bio‑Oil® Dəriyə qulluq yağının tərkibində heç bir heyvan mənşəli inqrediyent yoxdur.
GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK
Bio‑Oil® Dəriyə qulluq yağının tərkibində işığa həssas olan kalendula, çobanyastığı, lavanda və rozmarin bitkilərinin ekstraktları, efir yağları, həmçinin A vitamini var. Günəş işığına məruz qalma zaman keçdikcə rəng dəyişikliyinə səbəb ola bilər. Lakin məhsulun effektivliyinə təsir göstərməsi ehtimalı azdır. Ehtiyat tədbiri olaraq, Bio‑Oil® Dəriyə qulluq yağı şüşələrinin tərkibində ultrabənövşəyi şüa uducusu var. Bununla belə, məhsul birbaşa günəş işığından uzaqda saxlanılmalıdır.
QABLAŞDIRMA